Azərbaycan Şahmat Federasiyasının hesabat seçki konfransı keçirilib
Azərbaycan Şahmat Federasiyasının hesabat seçki konfransı keçirilib

Noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının hesabat seçki konfransı keçirilib.

Gənclər və İdman Naziri Fərid Qayıbov,   Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədov, Faiq Həsənov, Seymur Talıbov və konfransın iştirakçıları olan  qabaqcıl şahmatçılar, məşqçilər və hakimlərin iştirak etdikləri konfransda federasiyanın ötən  illərdəki fəaliyyətinə dair hesabat dinlənilmiş, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmış, quruma seçkilər keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra  Azərbaycan  Şahmat Federasiyasının Vitse prezidenti Faiq  Həsənov 2007-2021-ci  dövrü illərində Federasiyanın fəaliyyəti barədə hesabat vermişdir. O, həmçinin  Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin də rolunu xüsusilə vurğuladı. F.Həsənov şahmatçıların 2007–ci ildən indiyədək qazandıqları uğurları xatırladaraq, idmançılarımızın bu müddətdə müxtəlif beynəlxalq turnirlərdən, dünya və Avropa çempionatlarından vətənə 27 qızıl, 16 gümüş və 20 bürünc medal gətirdiyini vurğulamış, habelə ölkəmizdə 13 beynəlxalq qrossmeyster, 20 beynəlxalq usta və 13 beynəlxalq hakimin yetişdiyini bildirmişdir.

Sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçki keçirildi. Tədbir iştirakçıları yekdilliklə Federasiyanın vitse-prezidenti  Mahir Məmmədovu 4 il müddətinə Azərbaycan şahmat Federasiyası prezidenti vəzifəsinə seçiblər. Faiq Həsənov və Seymur Talıbov  vitse-prezident kimi yenidən seçildilər və Faiq Həsənov Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti seçildi.Eyni zamanda, Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov   İcraiyyə Komitəsinə üzv kimi namizəd göstərildi və səsvermə ilə qəbul olundu.

Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti Mahir Məmmədov tədbirdə çıxış edərək qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Sonra Sloveniyada komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri, eləcə də kişilərdən ibarət millimizin üzvü Nicat Abasova ( kişi komandalarının Avropa Çempionatında öz lövhəsində qızıl medal qazandığı üçün) pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.


Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.